Milli Məclisin iki komitəsinin birgə iclasında vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısını almağa yönəlik yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Sənəd 5 fəsil və 27 maddədən ibarətdir.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin birgə iclasında baxılıb. Qanunun məqsədi vəzifəli şəxslərin işində şəffaflığı və səmərəliliyi artırmaq, onların dövlət və ictimai maraqlara xidmət edən fəaliyyətini təmin etmək, cəmiyyətin bu şəxslərə etimadını gücləndirməkdir.
Sənəd maraqlar toqquşmasının yaranmasının qarşısını almaq, yarandığı halda isə nəticələrini aradan qaldırmaq üçün tənzimləmələr nəzərdə tutur. Həmçinin vəzifəli şəxslərin həm xidmət müddətində, həm də vəzifəni tərk etdikdən sonrakı dövrdə riayət etməli olduğu müəyyən məhdudiyyətlər və qadağalar müəyyənləşdirilir.
Prinsiplər və ilkin tədbirlər
Layihəyə görə, maraqlar toqquşmasının idarə olunmasında vicdanlı davranış, dövlət və ictimai maraqların üstün tutulması, riskin erkən aşkarlanması, şəffaflıq, hesabatlılıq, dürüstlük və qərəzsizlik kimi prinsiplər əsas götürülür.
Qarşısıalma tədbirləri sırasında vəzifəli şəxsin aktivlərini özgəninkiləşdirməsi, qanunla ayrıca nəzərdə tutulan hallar istisna olmaqla konkret məsələ üzrə qərar qəbulunda iştirak etməməsi, mövcud qadağalara zidd təkliflərin rədd edilməsi və toqquşma davam etdiyi halda vəzifədən azad olunma ilə bağlı müraciət imkanı yer alıb.
Qanun qəbul edildiyi təqdirdə dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.
Həmçinin oxuyun: Maraqlar toqquşmasından əldə olunan əmlak dövlətə qaytarılacaq
