Rusiyanın «İnterfaks» agentliyinin yazdığına görə, Prezident İlham Əliyev Almaniya həmkarı Frank-ValterŞtaynmayerə ölkənin milli bayramı ilə bağlı göndərdiyi təbrikdə iki dövlət arasındakı əlaqələrin strateji tərəfdaşlıq mərhələsinə çatdığını qeyd edib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, Əliyev təbrik mesajında Azərbaycanın Cənubi Qafqaz bölgəsində Almaniya üçün mühüm və etibarlı tərəfdaş statusunda olduğunu qeyd edib, həmçinin dövlətlərarası əlaqələrin bütün istiqamətlər üzrə inkişafına böyük önəm verildiyini söyləyib.
İnterfaks qeyd edir ki, bu ilin iyul ayında Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli əlaqələrin uzunmüddətli istiqamətlərini müəyyən edən Birgə Bəyannamə imzalanıb. Dövlət başçısı bildirib ki, həmin sənəd ölkələr arasındakı münasibətlərdə yeni – strateji tərəfdaşlıq mərhələsinin təməlini qoyub.
Agentliyin istinad etdiyi məktubda Əliyev bildirib ki, davamlı siyasi dialoq ticarət, iqtisadiyyat, enerji, nəqliyyat, rabitə, investisiya, humanitar və digər istiqamətlərdə ikitərəfli əməkdaşlığın güclənməsinə təkan verir. O, bunun həmçinin Avrasiya məkanında qarşılıqlı münasibətlərin dərinləşməsinə və enerji sahəsindəki səmərəli tərəfdaşlığa mühüm töhfə verdiyini vurğulayıb.
İnterfaksın yaydığı məlumata görə, Azərbaycan rəhbəri Bakı ilə Berlin arasındakı əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə inam ifadə edib. Əliyev həmçinin tərəflər arasında qarşılıqlı fəaliyyətin həm ikitərəfli müstəvidə, həm də Avropa İttifaqı çərçivəsində dərinləşəcəyi ümidini bildirib.
Təbrik məktubu Almaniyanın milli bayramı olan Alman Birliyi Günü münasibətilə göndərilib.
