Azərbaycan Respublikasının Hesablama Palatası 2027-ci il dövlət büdcəsinin layihəsi üzrə rəyində Dövlət Neft Fondundan (ARDNF) büdcəyə köçürmələrin tədricən azaldılmasını və vergi borcları üzrə güzəştlərin tətbiqini təklif edib.
Hesablama Palatasının 2027–2030-cu illər üzrə fiskal siyasətə dair rəyinə görə, ARDNF-dən dövlət büdcəsinə köçürmələrin həcminin tədricən fondun aktivlərinin idarə edilməsindən əldə olunan gəlirlərlə uzlaşdırılması nəzərdə tutulur. Palata bunu büdcənin neft gəlirlərindən asılılığının azaldılması və fiskal dayanıqlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab edir. Qurum əvvəlki rəylərində də fonddan köçürmələrə birbaşa limit qoyulmasını tövsiyə edib.
Sənəddə vergi borclarının idarə edilməsi mexanizminin təkmilləşdirilməsi məsələsinə də toxunulub. Təklifə görə, iqtisadi fəaliyyətini davam etdirən, lakin ödəmə çətinliyi yaşayan vergi ödəyiciləri üçün borcun hissə-hissə ödənilməsinə icazə verən möhlət prosedurunun sadələşdirilməsi, eləcə də maliyyə sanksiyaları və faizlər üzrə güzəştlərin tətbiqi nəzərdən keçirilə bilər.
Palatanın qiymətləndirməsinə əsasən, vergi borclarının toplanması fiskal risk yaradır, bu borcların təxminən üçdə biri isə maliyyə sanksiyaları və faizlərin payına düşür. Borcun ödənilməsini asanlaşdıran mexanizmlərin tətbiqi, ödəyicilərin ödəmə qabiliyyətini qoruyarkən eyni zamanda büdcə gəlirlərinin artırılmasına kömək edə bilər.
Orta müddətli gəlir hədəfləri ilk dəfə açıqlanıb
Rəydə ilk dəfə olaraq orta müddətli gəlir siyasəti üzrə konkret hədəflər də açıqlanıb. Buna görə, vergi və gömrük güzəştlərinin qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsuluna (ÜDM) nisbətinin 7,4–8 faiz aralığında saxlanılması nəzərdə tutulur. Həmçinin proqnozlaşdırılan qeyri-neft-qaz gəlirləri ilə faktiki büdcə icrası arasındakı fərqin ±5 faiz həddində saxlanılması hədəflənir. Palataya görə, bu göstəricilər gəlir siyasətinin nəticələrinin qiymətləndirilməsi və büdcə proqnozlaşdırılmasının keyfiyyətinin artırılması üçün önəmlidir.
Hesablama Palatası xərc siyasəti üzrə də oxşar kəmiyyət hədəflərinin müəyyənləşdirilməsini məqsədəuyğun sayır. Rəydə qeyd olunub ki, büdcə xərclərinin əsas istiqamətləri müəyyən edilsə də, bu sahələr üzrə konkret kəmiyyət göstəricilərinin və ölçülə bilən nəticə indikatorlarının olmaması onların icrasının qiymətləndirilməsini çətinləşdirir. Palataya görə, gəlir siyasətində olduğu kimi xərclər üçün də ölçülə bilən hədəflərin təyin edilməsi büdcə vəsaitlərindən səmərəli istifadəyə nəzarəti gücləndirə və fiskal siyasətin nəticələrinin daha obyektiv qiymətləndirilməsinə imkan yarada bilər.
Həmçinin oxuyun: Hesablama Palatası: büdcədənkənar gəlirlər 2027-ci ildə 7,1 faiz azalacaq
